Bakıda mal ətinin 1 kiloqramını 6 manatdan almağa alışmış müştəri ardıq ət dükanlarında başqa bir rəqəmlə qarşılaşır. Bir neçə gün öncə mal ətinin qiyməti 6 manat olduğu halda indi 6 manat 50 qəpiyə yüksəlib. Bahalaşma paytaxtın əksəriyyət ət mağazalarında özünü biruzə verir.
Ət satışı ilə məşqul olanlar qiymət artımını Bərdə-Ağcabədi kimi əsas heyvan bazarlarında iri buynuzlu malın sayının azalması ilə əlaqələndirirlər. Bildirirlər ki, artıq mal ətinin satışı gəlir gətirmir.
Bəzi qəssablar isə bölgələrdə mal qara çatışmazlığı yox yem qıtlığı olduğunu deyirlər. Onların sözlərinə görə, qıtlıqla əlaqədar yemin qiyməti bahalaşıb. Bu da ətlik malın diri çəkisinin qiymətinə təsir edib.
Qoyun ətinin qiymətində isə dəyişiklik olmayıb. Qoyun ətinin bir kiloqramı 6 manat 50 qəpik, 7 manatdan təklif olunur.